Bu gün Afrika mənşəli xalqların Beynəlxalq Günüdür
31 avqust Afrika mənşəli xalqların Beynəlxalq Günü kimi qeyd olunur.

Resorting.Az xəbər verir ki, bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilib və məqsədi Afrika mənşəli xalqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaq, eyni zamanda onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi problemlərə diqqət çəkmək, fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir. 31 avqustun qeyd olunması yalnız Afrika mənşəli xalqlar üçün deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində də əhəmiyyətli addımdır.
Tarix boyu Fransa müstəmləkə siyasəti çərçivəsində Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımı aktları həyata keçirilib, insan haqları kobud şəkildə pozulub və bu siyasət hələ də davam etdirilir.
Fransa Afrikada yerləşən keçmiş müstəmləkələrində neokolonial siyasət həyata keçirməklə yanaşı, Reyunyon, Mayot, Qvadelup, Martinik, Fransız Qviyanası kimi ərazilərdə Afrika mənşəli xalqlara qarşı uzun illərdən bəri sosial, iqtisadi və siyasi basqılar edir. Bu siyasət çərçivəsində Fransa, yerli xalqların siyasi müstəqillik və iqtisadi sərbəstlik hüquqlarını məhdudlaşdırır, milli kimliklərin zəiflədilməsinə səbəb olur və təbii sərvətləri öz nəzarəti altında saxlamağa çalışır.
Reyunyon və Mayot adalarında əhali ciddi sosial və iqtisadi ədalətsizliklərlə üzləşir. İşsizlik səviyyəsi 30%-dən yüksəkdir, xüsusilə gənclər arasında işsizlik daha kəskin müşahidə olunur. Səhiyyə və təhsil sahələrində resurs çatışmazlığı insanların həyat keyfiyyətini aşağı salır. Qvadelup və Martinikdə də yüksək işsizlik (35%-dən çox), diskriminasiya və polis zorakılığı kimi sosial problemlər mövcuddur. Yerli əhali mədəni kimliklərini qorumaq üçün dövlət dəstəyindən məhrumdur. Fransız Qviyanasında işsizlik təxminən 40%-dir. Təbii sərvətlərin istismarı tamamilə Fransanın nəzarətindədir və yerli əhali iqtisadi faydaların çox hissəsindən məhrumdur.
Bakı Təşəbbüs Qrupu (BTQ) paytaxt Bakı şəhərində Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Afrika mənşəli xalqların yaşadığı Reyunyon, Mayot, Qvadelup və digər ərazilərə həsr edilmiş beynəlxalq konfranslar təşkil edib. Təşkilat bu ərazilərdə yaşayan yerli xalqların müstəmləkəçilikdən qaynaqlanan problemlərinin BMT tribunasında qaldırılması istiqamətində əməli fəaliyyət göstərib. BTQ Fransanın bu ərazilərdə törətdiyi qanunsuz hərəkətlər barədə hökuməti cavab verməyə məcbur edib və rəhbər heyət BMT-nin Afrika mənşəli xalqlar üzrə Daimi Forumlarında iştirak edərək onların fəaliyyətinə dəstək nümayiş etdirib.
BTQ Fransanın uzun illər ərzində yaratdığı sosial və iqtisadi bərabərsizlikləri, milli kimliklərin sistemli məhv edilməsini hesabatlarında sənədləşdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Hesabatlarda müstəmləkə siyasətindən irəli gələn insan hüquqları pozuntuları, iqtisadi və siyasi bərabərsizlik, eləcə də mədəni assimilyasiya ilə milli kimliklərin itirilməsi geniş şəkildə işıqlandırılıb.