Azərbaycan startapı “DoVotes” beynəlxalq tədbirdə ölkəmizi təmsil edib

İnnovativ sorğu sosial media platforması olan “DoVotes”, Azərbaycanın startap ekosistemini təmsil edən layihələrdən biri kimi, Sea Breeze-də keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiyalar Forumunda ölkəmizi təmsil edib.

Azərbaycan startapı “DoVotes” beynəlxalq tədbirdə ölkəmizi təmsil edib
Azərbaycan startapı “DoVotes” beynəlxalq tədbirdə ölkəmizi təmsil edib

Resorting.Az xəbər verir ki, iki gün davam edən beynəlxalq forum dünyanın müxtəlif ölkələrindən iş adamlarını, investorları və innovativ layihələri bir araya gətirib. Tədbir ölkəmiz üçün yeni qlobal əməkdaşlıq imkanları yaratmağı hədəfləyib. ASAN xidmət tərəfindən beynəlxalq forumda iştirak üçün seçilən 3 startapdan biri olan “DoVotes” isə forumda uğurla iştirak edərək öz sorğu xidmətini yerli və xarici qonaqlara təqdim edib.

Forum çərçivəsində “DoVotes” tərəfindən Sea Breeze üçün xüsusi hazırlanmış sorğu Emin Ağalarova təqdim olunub və istifadəsi ilə bağlı ilkin razılıq əldə edilib. Bununla yanaşı, bir sıra böyük yerli və xarici şirkətlərlə əməkdaşlıq üzrə ilkin razılaşmalar əldə olunub. Əlavə olaraq, dövlət qurumlarından biri və Rumıniyanın ölkəmizdəki səfirliyi ilə də əməkdaşlıq barədə ilkin razılıq əldə edilib və yaxın günlərdə bu barədə rəsmi elan gözlənilir.

Qeyd edək ki, “DoVotes” qısa müddətdə ölkədə diqqətçəkən uğurlara imza atıb. Platforma bir neçə startap müsabiqəsinin qalibi olub, həmçinin müstəqil ekspertlər tərəfindən “ən perspektivli sorğu platforması” kimi qiymətləndirilib.

Layihənin əsas məqsədi insanlara gündəlik qərarvermə prosesini daha asan və əyləncəli şəkildə təqdim etməkdir. İstifadəçilər dovotes.com üzərindən sorğular yarada, dostları və ictimaiyyətlə nəticələri bölüşə bilirlər. Qısa müddət ərzində formalaşan geniş istifadəçi bazası sayəsində platforma həm dövlət, həm də biznes qurumlarının rəy toplama prosesində uğurla tətbiq edilir.

“DoVotes”un Sea Breeze-də keçirilən forumdakı iştirakı, Azərbaycan startaplarının beynəlxalq səhnədə güclənən rolunu nümayiş etdirməklə yanaşı, yeni tərəfdaşlıqlar üçün də mühüm zəmin yaradıb.

Forumun təşkilatçıları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Avropa Evi – “Ambrosetti” (TEHA) (strateji tərəfdaş), Euronews və Sea Breeze (media və təşkilati dəstək).

Eyni zamanda, “DoVotes”un bu vaxtadək inkişafına və fəaliyyətinə dəstək göstərən qurumlar arasında ASAN Xidmət, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi,  "Gələcək üçün bacarıqlar" layihəsinin "TUSİ" inkubasiya proqramı, Türkiyənin Bilişim Vadisi, SABAH.hub və Özbahceçi İnvest Club xüsusi qeyd olunmalıdır.