“Qlobal çağırışlar qarşısında İslam dünyasının həmrəyliyi zəruridir” – Millət vəkili

“Qlobal çağırışlar qarşısında İslam dünyasının həmrəyliyi zəruridir” – Millət vəkili
“Qlobal çağırışlar qarşısında İslam dünyasının həmrəyliyi zəruridir” – Millət vəkili

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası müsəlman ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlığının gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir. 

Tədbirdə 40-dan çox ölkədən parlament nümayəndə heyətləri, spikerlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər. Sessiyanın gündəliyində dayanıqlı və inklüziv iqtisadi inkişaf, parlament diplomatiyasının rolu, insan hüquqları, ətraf mühit və beynəlxalq əməkdaşlıq məsələləri yer alıb.

Konfransın əhəmiyyəti və İslam dünyasının qarşısında duran çağırışlarla bağlı fikirlərini Metbuat.az-a açıqlayan millət vəkili Cavanşir Feyziyev bildirib ki, hazırkı qlobal transformasiyalar fonunda İƏT məkanında əməkdaşlığın dərinləşdirilməsi həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Millət vəkili qeyd edib ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası İslam dünyasının parlamentlər səviyyəsində ən geniştərkibli dialoq və əməkdaşlıq platformalarından biridir.

Onun sözlərinə görə, son illər qlobal geosiyasi vəziyyətin daha da mürəkkəbləşməsi fonunda İslam ölkələrinin üzləşdiyi problemlər və həmin problemlərin birgə səylərlə həlli yollarının müzakirəsi konfransın əsas gündəliyini təşkil edir:

“İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası İslam dünyasının parlamentlər çərçivəsində ən geniştərkibli müzakirə platformasıdır. Son illərdə getdikcə mürəkkəbləşən qlobal geosiyasi şəraitdə İslam ölkələrinin üzləşdiyi problemlər və bu problemlərin birgə səylər əsasında aradan qaldırılması yollarının axtarışı konfransın əsas gündəliyini təşkil edir. Qlobal beynəlxalq münasibətlər sistemində yeni dünya nizamına keçidin zəruriləşdiyi bir zamanda islamofobiya, ikili standartlar, hibrid müharibələr, təbii resurslar uğrunda kəskin rəqabət və kibertəhlükəsizlik təminatı kimi məsələlərin aktuallığı daha da artmaqdadır.

Bütün dövlətlər kimi, İslam dünyasının hər bir ölkəsi də bu çağırışlar qarşısında müqavimət immuniteti əldə etməyə çalışır və bu, təbiidir. Lakin belə bir immuniteti qlobal miqyasda beynəlxalq siyasətdə baş verən bütün prosesləri düzgün dəyərləndirmədən, bu proseslərdə kollektiv iştirakın konturlarını müəyyən etmədən və birgə fəaliyyət istiqamətlərini formalaşdırmadan təklikdə əldə etmək mümkün deyil.

Belə müzakirələrin aparılması üçün isə İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı daha uyğun və daha geniş siyasi formatdır. Düşünürəm ki, bu platformada qəbul olunan qərarlar sözügedən problemlərin araşdırılmasına mühüm töhfə verə bilər”.

Millət vəkili əlavə edib ki, bu yaxınlarda Bakının uğurla ev sahibliyi etdiyi İslam İnkişaf Bankının illik toplantısı da İslam ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli rol oynayır.

Cavanşir Feyziyev vurğulayıb ki, İslam İnkişaf Bankının rəhbərliyi Bakıda keçirilən tədbirdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini açıq şəkildə ifadə edib:

“Bu, ilk növbədə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığa açıq siyasəti, irəli sürdüyü layihələrin regional və qlobal əhəmiyyəti ilə bağlıdır. Azərbaycan bu gün regionda iqtisadi sabitliyi, əlverişli investisiya mühiti və etibarlı tərəfdaş imici ilə seçilən ölkələrdən biridir.

Eyni zamanda, ölkəmizdə xarici investisiyaların cəlb olunmasına xidmət edən müasir qanunvericilik bazasının formalaşdırılması, dövlət tərəfindən yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin yaradılması Azərbaycanın beynəlxalq maliyyə institutları və sərmayədarlar üçün cəlbediciliyini artırır.

Dövlət zəmanəti ilə həyata keçirilən iri layihələr və beynəlxalq maliyyə sazişləri müntəzəm olaraq Milli Məclisdə müzakirə edilərək təsdiqlənir. Bu proses dövlətin maliyyə və investisiya siyasətində şəffaflığın təmin edilməsinə, həmçinin cəmiyyətin nümayəndələri vasitəsilə qərarların qəbulunda iştirakına imkan yaradır. Bütün bunlar Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırır”.