Qadınların psixoloji inkişafı və nəsillərarası travmalar mövzusunda maarifləndirici görüş keçirilib
Oktyabrın 11-də ICF dərəcəli şəxsi inkişaf kouçu Günay Əsədlinin təqdimatında qadınların psixoloji inkişafı və nəsillərarası travmalar mövzusuna həsr olunmuş maarifləndirici görüş keçirilib. United Mums analar klubunun iştirakı ilə təşkil olunan tədbirdə nəsillərarası travmaların insanın düşüncə və davranışlarına təsiri, keçmiş təcrübələrin bugünkü həyata yansıması və özünüdərkin şəxsi inkişaf prosesində rolu müzakirə olunub.
Görüş zamanı iştirakçılar ailədən ötürülən emosional və davranış modellərinin fərqinə varmağın, onların şəxsi münasibətlərə təsirini anlamağın və bu təcrübələrə şüurlu yanaşmağın əhəmiyyəti barədə məlumat əldə ediblər.
Tədbirin praktiki hissəsində keçirilən xüsusi məşğələ iştirakçılara öz hiss və düşüncələrini araşdırmaq, daxili təcrübələrini dəyərləndirmək və fərdi inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradıb.
Günay Əsədli görüş çərçivəsində özünüdərk və psixoloji fərqindəliyin insanın şəxsi həyatında və ailədaxili münasibətlərində əhəmiyyətinə diqqət çəkib. Xüsusilə anaların öz emosional təcrübələrini anlamasının, davranış modellərini dəyərləndirməsinin və keçmişlə bu gün arasındakı əlaqəni müəyyənləşdirməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirin əsas məqsədi qadınların psixoloji maarifləndirilməsinə töhfə vermək, özünüdərk prosesini təşviq etmək və nəsillərarası travmaların ailə münasibətlərinə təsiri barədə məlumatlılığı artırmaq olub.
nigar