AAYDA-da İdarə Heyətinin 2026-cı ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclası keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində İdarə Heyətinin 2026-cı ilin birinci yarımilinin yekunlarına və qarşıdakı dövr üzrə prioritet vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib.
Resorting.Az-ın xəbərinə görə, iclasda hesabat dövründə avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri istiqamətində görülən işlər, infrastruktur layihələrinin icra vəziyyəti, tikinti keyfiyyətinin yüksəldilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, dövlət proqramlarından irəli gələn tapşırıqların icrası, Agentlikdə aparılan struktur islahatları, rəqəmsallaşma prosesinin genişləndirilməsi, peşəkar kadr potensialının gücləndirilməsi və qarşıdakı dövr üzrə əsas fəaliyyət istiqamətləri müzakirə olunub.
Struktur bölmələrinin və tabeli qurumların rəhbərləri fəaliyyət istiqamətləri üzrə hesabatlarla çıxış edərək görülən işlər, əldə olunan nəticələr və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə İdarə Heyətini məlumatlandırıblar.
Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli çıxışında yol infrastrukturu layihələrinin keyfiyyətlə və vaxtında icrasının, müasir tikinti texnologiyalarının və rəqəmsal həllərin tətbiqinin, peşəkar insan kapitalının formalaşdırılmasının, institusional idarəetmənin təkmilləşdirilməsinin və vətəndaşyönümlü xidmətlərin Agentliyin əsas inkişaf prioritetləri olduğunu vurğulayıb.
İclasda qeyd olunub ki, qarşıdakı dövrdə tikinti və təmir işlərinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, beynəlxalq təcrübənin tətbiqi, əməkdaşların peşə hazırlığının artırılması, rəqəmsal transformasiya və innovativ idarəetmə həllərinin genişləndirilməsi, eləcə də vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər ardıcıl olaraq davam etdiriləcək.
İclasın yekununda hesabat dövrünün nəticələri qiymətləndirilib, qarşıdakı dövr üzrə prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib və aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
nigar