AAYDA əməkdaşları peşə bayramlarını qeyd edir

22 Fevral – Avtomobil Yolları İşçilərinin Peşə Bayramı Günüdür.

AAYDA əməkdaşları peşə bayramlarını qeyd edir
AAYDA əməkdaşları peşə bayramlarını qeyd edir

22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirlinin rəhbərliyi ilə agentliyin kollektivi Fəxri xiyabanı ziyarət edib.

Resorting.Az-ın xəbərinə görə, kollektiv xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra agentliyin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib.

Peşə bayramı münasibətilə AAYDA-da tədbir təşkil olunub 

Tədbiri giriş nitqi ilə İdarə Heyətinin sədri Vüsal Nəsirli açıb.

Vüsal Nəsirli kollektivi peşə bayramı münasibətilə təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb. O bildirib ki, 22 Fevral tarixinin peşə bayramı kimi təsis olunması yol təsərrüfatı sahəsinə verilən yüksək dəyərin göstəricisidir. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yol infrastrukturunun inkişafı ölkənin ümumi tərəqqisinin əsas şərtlərindən biridir. Bu siyasət nəticəsində müasir və beynəlxalq standartlara cavab verən avtomobil yolları şəbəkəsi formalaşdırılır.

İdarə Heyətinin sədri Vətən müharibəsindən sonra yol infrastrukturunun əhəmiyyətinin daha da artdığını vurğulayıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası və Böyük Qayıdış prosesi müasir yol şəbəkəsinin qurulması ilə başlanıb. Hazırda həmin ərazilərdə onlarla mühüm layihə icra olunur, bir sıra strateji yollar artıq istifadəyə verilib. İnşa edilən yollar, tunellər və körpülər həm mühəndislik nümunəsi, həm də Böyük Qayıdışın rəmzidir.

Vüsal Nəsirli ölkə üzrə iri infrastruktur layihələrinin davam etdiyini qeyd edərək yol infrastrukturunun keyfiyyətinin yüksəldilməsinin, layihələrdə səmərəliliyin artırılmasının və müasir texnologiyaların tətbiqinin Agentliyin əsas prioritetləri olduğunu diqqətə çatdırıb.

Sonda yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Agentliyin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2008-ci il tarixli Sərəncamına əsasən təsis edilən bu əlamətdar gün artıq 19 ildir ki, böyük qürurla qeyd edilir.