Rəqəmsal tanıtımda rekord artım: "GoTürkiye" 20 milyon izləyicini keçib

"GoTürkiye" "YouTube", "TikTok" və "Instagram" sosial şəbəkələrində sürətlə böyüyür. 8 platformada ümumilikdə 20,8 milyon izləyiciyə çatan "GoTürkiye" rəsmi turizm tanıtım hesabları arasında qlobal səviyyədə liderliyə yüksəlib.
Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) rəhbərliyi ilə həyata keçirilən rəqəmsal marketinq strategiyaları "GoTürkiye" brendinin sosial media hesablarını dünya liderliyinə doğru aparıb.
"YouTube"da liderlik: 5,2 milyon abunəçi
"GoTürkiye"nin "YouTube" kanalı 2025-ci ilin ilk yarısında 55% böyüyərək 763 milyon baxış əldə edib. Qarşılıqlı əlaqə sayı ötən illə müqayisədə 123% artaraq 122,6 milyona, abunəçi sayı isə 146% artımla 5,2 milyona yüksəlib.
Bu artım sayəsində "GoTürkiye" "VisitDubai", "NEOMChannel", "Switzerland" və "VisitSingapore" kimi rəqiblərini geridə qoyaraq "YouTube"da liderliyə yüksəlib.
"TikTok"da 1,4 milyard baxışla 1-ci yerdə
"TikTok" platformasında da böyüməkdə olan "GoTürkiye" 2025-ci ilin ilk 6 ayında 1,4 milyard baxışla 53% artım əldə edib.
4 milyon 635 min izləyici sayı əldə edən "GoTürkiye" bununla ölkədə əsas tanıtım hesabları arasında birinci yerdə qərarlaşıb. Beləliklə, "GoTürkiyə" "TikTok"da Çinin "VisitBeijing", Honkonqun "DiscoverHongKong" və BƏƏ-nin "InAbuDhabi" kimi güclü hesablarını geridə qoyub.
"Instagramda" 127% qarşılıqlı əlaqə artımı
"GoTürkiye" "Instagram"da da böyük uğur qazanıb. 2024-cü ildə 538 milyon olan baxış sayı, 2025-ci ildə 812 milyona çataraq 51% artım əldə edib. Qarşılıqlı əlaqə sayı 127% artaraq141 milyona, izləyici sayı isə 3,78 milyona çatıb.
Bu göstəricilərlə "GoTürkiye" "Instagram"da ölkə tanıtım hesabları arasında ikinci yerdə qərarlaşıb.
"Sight & Sound Sessions": Türkiyənin gözəllikləri milyonlara musiqi ilə çatır
"GoTürkiye"nin "Sight & Sound Sessions" layihəsi Türkiyənin təbii və tarixi gözəlliklərini musiqinin universal dili ilə birləşdirərək qlobal auditoriyaya təqdim edir. 2022-ci ildə həyata keçirilən layihədə Andrea Vanzo, Einmusik, Sébastien Léger, Oliver Koletzki, Kadebostany, Chris Luno, Sezer Uysal, Korolova və Miss Monique kimi dünyaca məşhur DJ-lər iştirak edib. Pamukkale, Akyaka, Tuz Gölü, Artvin, Side Antik Kəndi və Bolu kimi unikal məkanlarda çəkilən bu xüsusi ifalar YouTube-da indiyə qədər 15,5 milyon baxış və 1,7 milyon saat izləmə əldə edib. Layihə Türkiyənin mədəni irsini və vizual zənginliyini musiqi ilə birləşdirərək effektiv rəqəmsal tanıtım vasitəsinə çevrilib.
Çoxkanallı strategiya ilə qlobal qarşılıqlı əlaqə şəbəkəsi
"GoTürkiye"nin uğuru yalnız "YouTube", "Instagram" və "TikTok" ilə məhdudlaşmır. Brend Facebook, X (Twitter), WhatsApp, Douyin (Çin) və VKontakte (Rusiya) kimi platformalarda da fəal şəkildə fəaliyyət göstərir.
TGA-nın çoxqanallı rəqəmsal strategiyası ilə yaradılan 8 platformalı rəqəmsal ekosistem Türkiyəni rəqəmsal turizm tanıtımında lider ölkə mövqeyinə yüksəldib.