Milli Qurtuluş Günü müasir Azərbaycanın inkişafında da mühüm rol oynayıb - Jalə Əliyeva
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq ölkəni dərin siyasi böhrandan, vətəndaş qarşıdurması təhlükəsindən və dövlət müstəqilliyinin itirilməsi riskindən xilas etdi. Bu gün təkcə bir tarixi hadisə deyil, həm də Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin və inkişaf yoluna çıxmasının başlanğıcıdır.
Resorting.Az-ın xəbərinə görə, bununla bağlı millət vəkili Jalə Əliyeva "Facebook" hesabında məlumat paylaşıb.
O bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb siyasi və iqtisadi vəziyyətlə üz-üzə idi: "Dövlət idarəçiliyində xaos hökm sürür, ölkədə sabitlik pozulur, iqtisadi tənəzzül dərinləşirdi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin təmin olunmasına, dövlət institutlarının gücləndirilməsinə və milli birliyin bərpa edilməsinə imkan yaratdı. Məhz həmin dövrdən etibarən Azərbaycanın müstəqilliyinin dönməz xarakter alması üçün əsaslı addımlar atıldı.
Milli Qurtuluş Gününün əsas əhəmiyyəti də məhz burada özünü göstərir. Bu tarix Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasını, müstəqilliyin möhkəmləndirilməsini və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsini simvolizə edir. Dövlət idarəçiliyində peşəkarlığın bərpa olunması, hüquqi dövlət quruculuğunun əsaslarının yaradılması və xarici siyasətdə balanslaşdırılmış kursun formalaşdırılması Azərbaycanın gələcək uğurlarının təməlini qoydu.
Milli Qurtuluş Günü müasir Azərbaycanın inkişafında da mühüm rol oynayıb. Məhz dahi Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə siyasi sabitlik təmin edildi, iqtisadi islahatlar həyata keçirildi və Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi. Xüsusilə Əsrin Müqaviləsi kimi mühüm layihələrin reallaşması ölkənin iqtisadi potensialını artıraraq onu regionun aparıcı dövlətlərindən birinə çevirdi".
Millət vəkili qeyd edir ki, hazırda bu siyasi kurs hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, beynəlxalq arenada artan nüfuzu, ərazi bütövlüyünün bərpa olunması və Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Milli Qurtuluş fəlsəfəsinin uğurlu nəticələri kimi dəyərləndirilir:
"Bu gün Azərbaycan güclü iqtisadiyyata, müasir orduya və müstəqil xarici siyasətə malik bir dövlət kimi inkişaf edir. Bütün bunların əsasında isə 1993-cü ildə xalqın iradəsi ilə başlanan Milli Qurtuluş yolu dayanır. Buna görə də Milli Qurtuluş Günü təkcə keçmişə ehtiram deyil, həm də Azərbaycanın gələcək inkişafına inamı və dövlətçilik ənənələrinin möhkəm təməllər üzərində qurulduğunu ifadə edən əlamətdar bir tarixdir".
nigar