Kənd təsərrüfatı təyinatlı torpağın var, amma suyun yoxdur: Bu torpaqlar niyə susuzluğa məhkum edilir? - ADSEA-dan açıqlama
Şahbaz Xuduoğlunın şikayəti fonunda ADSEA bəyan edib ki, kənd təsərrüfatı təyinatlı torpaqların içməli su ilə suvarılması qadağandır və bu növ ərazilər yalnız yaxınlıqda mənbə olduğu halda Regional Su Meliorasiya Xidməti vasitəsilə suvarma suyu ilə təmin edilə bilər.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Saray qəsəbəsində təyinatı kənd təsərrüfatı olan torpağı sulamaqla bağlı problemlə qarşılaşıb. O sosial şəbəkə hesabında qeyd edib ki, həmin ərazidə ağaclar əksə də, onların suvarılması ilə bağlı problemlə qarşılaşıb. Ş.Xuduoğlu bununla bağlı ADSEA-ya müraciət etsə də, ürəkaçan cavab almayıb.
“Mənə verilən cavabda bildirildi ki, bağ və kənd təsərrüfatı sahəsində içməli sudan istifadə etmək qadağandır və yalnız sənaye tipli su ilə ağaclara su vermək olar. Həqiqətən də ilk dəfə idi ki, belə bir şey eşidirdim. Qurumdan bildirildi ki, torpağınıza yaxın yerdə sənaye suyu yoxdur. Çünki bu qanunun tələbidir, yəni içməli suyu ağaclara vermək qadağandır”, - deyə Ş.Xuduoğlu bildirib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Resorting.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, su təchizatına qoşulma ilə bağlı 2025-ci ildən qüvvəyə minən yeni qaydalar rəhbər götürülür: “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydasına əsasən məişət abonentləri və ya tikinti obyektləri tələb olunan sənədlərlə ASAN Kommunal, ASAN Xidmət, KOB evlərinə və ya onlayn qaydada e-su portalına müraciət edə bilərlər”:
“Bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən mütəmadi olaraq maarifləndirici məlumatlar yayılır, ictimaiyyətə video-roliklər təqdim olunur. Həmin məlumatlarda əhali və qeyri-əhali kateqoriyası üzrə tikinti obyektlərinin su təchizatına qoşulması ilə bağlı prosedur sadə şəkildə əksini tapıb. İçməli su təchizatına qoşulmaq istəyən tikinti obyektinin təqdim edəcəyi sənədlər içərisində fərdi yaşayış evi, yaxud sahibkarlıq subyektinə məxsus olduğunu təsdiq edən obyektin çıxarışı və 30 metrlik məsafədə yerləşən şəbəkənin olması əsas şərtdir. Bütün lazımi sənədlər təqdim edildikdən sonra 30 təqvim günü ərzində vətəndaşa cavab verilir. Bütün sənədlər içməli su təchizatına qoşulma tələblərinə cavab verirsə, Tarif Şurasının qərarı ilə müəyyənləşdirilən məbləğdə rüsum ödənildikdən sonra müraciət edən şəxsə texniki şərt verilir”, - deyə sorğuya cavab olaraq bildirilib.
Qeyd olunub ki, su təchizatına qoşulmaq üçün torpağın təyinatı əsas göstəricidir: “Obyekt fərdi yaşayış üçün nəzərdə tutulan ərazidə tikilibsə çıxarış, yaxud obyekt hələ tikilməyib, vətəndaş həmin obyektin eskiz layihəsini hazırlatdırıbsa, həmin sənədlə ASAN Kommunal, ASAN Xidmət, KOB evlərinə və e-su portalına müraciət edə bilər”.
Torpaq kənd təsərrüfatı və ya fermer təsərrüfatı xarakterlidirsə, təyinatına uyğun olaraq suvarma suyu ilə təchiz oluna bilər: “Lakin ərazinin yaxınlığında suvarma suyu üçün nəzərdə tutulan mənbə olmalıdır. Bunun üçün vətəndaş Regional Su Meliorasiya Xidmətinə müvafiq sənədləri təqdim etməlidir. Bu proses zamanı isə sənədlər və ərazi üzrə araşdırma aparılır, torpaq sahəsinə baxış keçirilir, xüsusən su mənbələrinin mövcudluğu müəyyənləşdirilir, mənbələrdən təyinat yerinə qədər suvarma suyun maneəsiz çatdırılmasının mümkünlüyünə aydınlıq gətirilir. Əgər müraciət bütün tələblərə cavab verirsə, təbii ki, məsələ müsbət şəkildə həllini tapir”.
nigar