Dünya mediası Azərbaycanın bu layihəsindən danışır: Gəncə və Qəbələ arasında yeni qatar marşrutu – Qiymətlər və detallar
Dünya mediası Azərbaycanın bu dəmiryol xəttini müzakirə edir
Resorting.Az xəbər verir ki, Azərbaycanın turizm potensialının artırılması istiqamətində atılan növbəti addım beynəlxalq səviyyəli nüfuzlu media qurumlarının diqqətini çəkib. Dünyaca məşhur "Travel and Leisure" (Asiya bürosu) və "Euronews" platformaları Azərbaycanın iki böyük turizm mərkəzini – Gəncə və Qəbələni birləşdirən yeni qatar marşrutu haqqında geniş məqalə dərc edib.
Asiya və Avropa mərkəzli nəşrlər bu marşrutu Azərbaycanın regionda "davamlı nəqliyyat" və "regional turizm" strategiyasının uğurlu bir hissəsi kimi qiymətləndirirlər. Məqalələrdə qeyd olunur ki, Bakıdan kənarda yaradılan bu ikinci regional xətt həm yerli, həm də xarici turistlər üçün ölkəni kəşf etməyi xeyli asanlaşdırır.
Səyahətçilər üçün vacib detallar: Xarici medianın xüsusi vurğuladığı əsas məqamlar bunlardır:
-
Sürət və Rahatlıq: İsveçrənin məşhur "Stadler" şirkətinin istehsalı olan müasir qatarlar 139 km məsafəni cəmi 1 saat 50 dəqiqəyə qət edir.
-
Münasib Qiymət: Bir tərəfə gediş haqqının cəmi 4.88 AZN-dən başlaması xarici ekspertlər tərəfindən turistlər üçün "inanılmaz dərəcədə əlverişli" hesab edilib.
-
Dayanacaqlar: Qatar Goran, Yevlax, Ləki və Ağdaş stansiyalarında dayanmaqla regionlararası əlaqəni gücləndirir.
-
Servis Səviyyəsi: Sərnişinlərə "Standard", "Standard+", "Business" və "First Class" olmaqla dörd fərqli xidmət növü təklif olunur.
Bakı ilə əlaqə
Bildirilir ki, bu xətt həm də Ləki stansiyasında transfer etməklə Bakıdan Qəbələyə gedən sərnişinlər üçün alternativ və rahat bir yol təqdim edir.
Resorting.Az olaraq qeyd edək ki, Gəncənin tarixi abidələri ilə Qəbələnin müasir dağ-xizək kurortlarını birləşdirən bu xətt, 2026-cı ildə ölkəmizə gələcək turist axınını daha da sürztləndirəcək.
Xatırladaq ki, yanvarın 12-dən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayıb.
nigar