“AmCham Azərbaycan” Qida və Kənd Təsərrüfatı Sektorun İnkişafına Dəstək Məqsədilə Yeni İşçi Qrupu Yaradıb
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) 2026–2028-ci illər üçün müəyyən etdiyi əsas strateji prioritetlərdən biri olan qida və aqrar sahə üzrə fəaliyyətini genişləndirərək yeni Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun yaradıldığını elan edib.
İşçi Qrupunun əsas məqsədi qida və kənd təsərrüfatı sektorun dayanıqlı və rəqabətqabiliyyətli inkişafını dəstəkləmək, biznes və dövlət arasında sistemli dialoqu gücləndirmək, eləcə də sektor üzrə praktiki təşəbbüslərin formalaşdırılmasına töhfə verməkdir.
Qarşıya qoyulan məqsədlər çərçivəsində İşçi Qrupu biznes və tənzimləyici mühitin təhlili, dövlət-özəl sektor dialoqunun inkişafı, aqrar innovasiyalar və “Agriculture 4.0” texnologiyalarının təşviqi, maliyyə və sığorta imkanlarına çıxışın genişləndirilməsi, ixrac potensialının və beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi, eləcə də dayanıqlı kənd təsərrüfatı və ESG yanaşmalarının təşviqi istiqamətlərində fəaliyyət göstərəcək.
Bu istiqamətlər üzrə fəaliyyətin səmərəli əlaqələndirilməsi və İşçi Qrupuna rəhbərlik etmək məqsədilə “ASR Development Consulting Group” MMC-nin Baş direktoru cənab Elxan Mikayılov Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun sədri təyin edilib. Elxan Mikayılov kənd təsərrüfatı, qida təhlükəsizliyi, iqtisadi siyasət və institusional idarəetmə sahələrində geniş rəhbərlik və ekspert təcrübəsinə malikdir. O, 2018–2026-cı illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində sədrin müşaviri və Aparat rəhbəri vəzifələrində çalışaraq qida təhlükəsizliyi sisteminin inkişafı, institusional idarəetmənin təkmilləşdirilməsi və müvafiq dövlət siyasətinin icrasına töhfə verib. Elxan Mikayılov, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sektor müdiri vəzifəsində çalışaraq iqtisadi sektorlar üzrə strateji təşəbbüslərin əlaqələndirilməsində iştirak edib. O, eyni zamanda USAID, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi və Avropa İttifaqının proqramları çərçivəsində ticarət, investisiya və özəl sektorun inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə töhfə verib. Elxan Mikayılov hazırda ASR Development Consulting Group-un baş direktoru vəzifəsində çalışır və iqtisad üzrə fəlsəfə doktorudur.
Bu təşəbbüslə AmCham Azərbaycan üzv şirkətlərin bilik və təcrübəsini konkret həllərə çevirməyi, sektor iştirakçıları arasında koordinasiyanın gücləndirilməsini və prioritet məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılmasını, o cümlədən Azərbaycanın qida və aqrar ekosisteminin uzunmüddətli inkişafına töhfə verməyi hədəfləyir. AmCham Azərbaycan açıq dialoq platforması olaraq biznes ictimaiyyətinin rəy və təkliflərini dinləməyə, müvafiq təşəbbüsləri İşçi Qrupunun fəaliyyətində nəzərə almağa və sektorun inkişafına yönəlmiş əməkdaşlıqları dəstəkləməyə hər zaman hazır olduğunu bildirib.
“AmCham Azərbaycan” haqqında
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.
nigar