Dəmiryolların altında gizlənən tarix üzə çıxdı: 117 illik Haydarpaşa vağzalı Arxeoparka çevrilir

Sultan II Əbdülhəmidin əmri ilə 117 il əvvəl tikilən Haydarpaşa Vağzalında "Haydarpaşa və Sirkeci Boğazı Birləşdirən Güc Vağzal-Mədəniyyət-Sənət Layihəsi" həyata keçiriləcək. Tarixi məkan yenidən sənət və dəmir yolu nəqliyyatının mərkəzinə çevriləcək.
Resorting.az xəbər verir ki, İstanbulun simvolik binalarından biri olan Haydarpaşa Vağzalı, Mədəniyyət və Turizm Nazirliyi ilə Nəqliyyat və İnfrastruktur Nazirliyi arasındakı protokolla muzey, mədəniyyət və sənət fəaliyyətləri üçün Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə verilib.
Haydarpaşanın tarixi
Kadıköy sahilində yerləşən Haydarpaşa Vağzalının tikintisinə Osmanlı sultanı II Əbdülhəmidin əmri ilə 30 may 1906-cı ildə başlanıb.Alman memarlar Otto Ritter və Helmuth Cuno tərəfindən qumlu torpaq üzərində taxta dirəklərlə inşa edilən vağzal 117 illik tarixi boyunca bir çox bədbəxt hadisəyə məruz qalıb.
İstanbul-Bağdad/Hicaz Dəmir Yolunun başlanğıc nöqtəsi olan vağzal Birinci Dünya Müharibəsi dövründə sursat anbarı kimi istifadə edilib. Bu səbəbdən 6 sentyabr 1917-ci ildə sabotaj nəticəsində partladılıb və böyük ziyan görüb.
Haydarpaşa Vağzalı Cümhuriyyətin elanının 10-cu ildönümündə əvvəlki formasına uyğun olaraq yenidən inşa edilib. 1976-cı ildə bərpa işlərinə cəlb edilən vağzalın bəzi hissələri 1979-cu ildə yanacaq tankerinin qəzası zamanı zədələnib. 2010-cu ildə baş verən yanğında isə damının orta və şimal hissələri yanıb. 2016-cı ildə başlayan bərpa işləri çərçivəsində ciddi ziyan görən mansard hissəsi və gözləmə zalı orijinal formasına uyğun şəkildə tamamlanıb.
Dəmir yolları sənətlə qovuşacaq
Mədəniyyət və Turizm Nazirliyinin Haydarpaşada 2024-cü ildə başlatdığı layihənin ilk mərhələsinin 2026-cı ildə başa çatması gözlənilir. Vağzal xidməti isə Haydarpaşada davam edəcək.
Layihədə vağzalın tarixi məkanlarının bərpa edilərək həm əsas funksiyalarının qorunması, həm də mədəni və sənət mərkəzi kimi ictimaiyyətin istifadəsinə verilməsi hədəflənir. Bölgədəki yaşıl sahələrin çatışmazlığını aradan qaldıran canlı bir ictimai məkan yaradılacaq. Haydarpaşa həmçinin performans sənətləri mərkəzi, kitabxana, tematik muzey, sərgi zalları, sənət və dizayn emalatxanaları kimi istifadə ediləcək.
Anadolu tərəfindəki ən böyük mədəniyyət və sənət mərkəzi olacaq
Tarixi Haydarpaşa Vağzalı ərazisində və ətrafında Marmaray işləri zamanı tarixi qalıqlara rast gəlinməsi ilə əlaqədar 2018-ci ilin mayında başlayan qazıntılar sona çatıb. Eramızdan əvvəl V əsrdən başlayaraq tarixə işıq salan liman qazıntılarından çıxan əsərlər Haydarpaşada inşa ediləcək Arxeologiya Muzeyində sərgilənəcək.
Beləliklə, Haydarpaşa Vağzalı arxeoloji kəşflər işığında Arxeoparka çevriləcək və tarixsevərləri Arxeologiya Muzeyində qəbul edəcək. Layihə tamamlandığında Haydarpaşa, Anadolu tərəfində (Asiya hissəsində) modern və genişliyi ilə birdən çox sənət sahəsini bir araya gətirən yeganə mədəniyyət və sənət mərkəzi olacaq.
Hazırda mövcud olan məscid isə qorunaraq ibadətə açıq şəkildə xidmətə davam edəcək.