Valideynlər və təhsil sistemi qanunvericiliyə uyğun olaraq uşaqların internetdən istifadəsinə maksimum nəzarət etməlidirlər

Valideynlər və təhsil sistemi qanunvericiliyə uyğun olaraq uşaqların internetdən istifadəsinə maksimum nəzarət etməlidirlər

Hamımız valideynik, anayıq, nənəyik. Uşaqlarımızın virtual məkandan, internetdən ifrat asılılığı, formalaşan yeni mənfi vərdişləri, davranışlarındakı qeyri stabillik, özlərinə qapanmaları və s.  hallar hər gün qarşılaşdığımız üzücü hadisələrdir. Biz bu çağırılmamış qonağın-uşaqlarımızın əlindəki - bir ovuc boyda mexanizmin qarşısında aciz qalmışıq. Nə edək, necə edək ki, uşaqlarımız həm zamanın, gələcəyin tələbi olan müasir texnologiyalara yiyələnsinlər, həm də bu texnoligiyalar vasitəsilə idxal edilən, onların psixologiyasını, gələcəyini təhdid edən zərərli informasiyalardan  uzaq qalsınlar.

Resorting.Az-ın xəbərinə görə, bunu millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın Milli Məclisin İnsan Hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquqi siyasət və dövlət quruculuğu komitələrinin birgə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirələri zamanı etdiyi çıxışında deyib.

Millət vəkilinin çıxışını tam versiyada təqdim edirik:

16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı qəbul ediləcək qanun layihəsinin əhatə etdiyi müddəalar əslində uzun müddətdir həyəcan siqnalı verir və bu sahədə mövcud olan problemlərin artıq qanunlarla tənzimlənməsinə ehtiyac yaranıb. Prezident İlham Əliyev bu ilin 27 fevral tarixində rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli informasiya və kontentlərdən qorunması ilə bağlı çox əhəmiyyətli sərəncam verdi. Bu sərəncam olduqca vacib məqamları əhatə edir və bu sərəncamdan doğan tapşırıqlar bu sahədə bir proqram özəlliyi daşıyır. Bugünkü müzakirə də, bu sahədə həyata keçirilən dövlət siyasətinin davamı kimi qiymətləndirilməlidir. 

Müzakirə etdiyimiz qanunlara dəyişikliklərin əsas məqsədi uşaqları zərərli kontentdən, müəyyən kənar təsirlərdən, kibertəzyiqdən, onlayn asılılıqdan və dezinformasiya təsirlərindən müəyyən mənada qorumaqdır. Təbii ki, burada kibertəhlükələr, onlayn ünsiyyətin yaratdığı təhlükələr, sosial ünsiyyətlə bağlı müxtəlif problemlərin ortaya çıxması, aldatma və manipulyasiya halları da özünü göstərir.

Araşdırmalar  bunu deməyə əsas verir ki,  bu təsirlərə daha çox məruz qalanlar və müəyyən mənada problemlər yaşayanlar əsasən texnologiyalar barədə tam təsəvvürü olmayan, onların təsiri altında hərəkət edən uşaqlar və yeniyetmələrdir. Bu mənada 16 yaş həddinin seçilməsi doğru yanaşmadır. Diigər tərəfdən, xüsusilə yeniyetmələrin psixoloji sağlamlığının qorunması, onların şəxsiyyətinin sağlam inkişafı baxımından bu önəmli qərardır və tərbiyə prosesinə diqqətin artırılmasına xidmət edir. Virtual və onlayn mühitdən qaynaqlanan risklərin azaldılması istiqamətində də bu qanunun müsbət nəticələr verə biləcəyinə ümid edirik.

Aydındır ki, mövcud riskləri tamamilə aradan qaldırmaq mümkün deyil. Hər bir uşağın hər addımına nəzarət etmək də mümkün deyil. Amma valideynlər və məktəb təhsil sistemi qanunvericiliyə uyğun olaraq uşaqların internetdən istifadəsinə maksimum nəzarət etməlidirlər. Bu proses müəyyən süzgəcdən keçməlidir. 

Ümumiyyətlə, qanunun qəbulu özlüyündə artıq müsbət addımdır. Bu istiqamətdə irəliləyiş gözlənilən idi və nəticə etibarilə yeniyetmələrin internetdən istifadəsinə nəzarət baxımından müəllimlərə, valideynlərə və məktəbə daha geniş hüquqi əsaslar veriləcək. Lakin biz müəllimləri və valideynləri bu məsələlərlə bağlı yaranan psixoloji təzyiq altında tək buraxa bilmərik. Qanun imkan verir ki, bu sahədə rəsmi və qeyri-rəsmi mexanizmlər vasitəsilə uşaqlara müəyyən məhdudiyyətlər və qaydalar tətbiq olunsun. Qanunun məhz  bu istiqaməti mövcud vəziyyəti əhəmiyyətli dərəcədə müsbət yöndə dəyişə bilər. Bir şərtlə ki, tətbiq mexanizmləri effektiv və sistemli şəkildə həyata keçirilmiş olsun.