Gənclər və idman naziri Fərid Qayıbov və Gürcüstan Respublikasının təhsil, elm və gənclər naziri Givi Mikanadze Qubaya səfər edib

İyulun 24-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Gürcüstan Respublikasının təhsil, elm və gənclər naziri Givi Mikanadze Quba rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar ilk olaraq Qubada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Resorting.az xəbər verir ki, daha sonra nazirlər səfər çərçivəsində Quba Rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə yaradılmış STEAM Mərkəzinə baxış keçiriblər. Burada qonaqlara gənclərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələri üzrə reallaşdırdıqları layihələr nümayiş etdirilib, yeniyetmələrin yaradıcı və tədqiqat yönümlü fəaliyyətləri barədə məlumat verilib. Həmçinin gənclərin prototiplər üzərində işləməsi, kodlaşdırma bacarıqları, robot texnologiyalarında praktiki işləri nümayiş olunub. Daha sonra qonaqlar Quba rayonunun tarixi məkanlarını ziyarət edib, Azərbaycanın multikultural dəyərləri ilə yaxından tanış olublar.