AAYDA ilə Dünya Bankı yol sektorunda institusional islahatları müzakirə edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

AAYDA ilə Dünya Bankı yol sektorunda institusional islahatları müzakirə edib
AAYDA ilə Dünya Bankı yol sektorunda institusional islahatları müzakirə edib

Resorting.Az xəbər verir ki, görüşdə Dünya Bankının ölkənin yol təsərrüfatının idarə olunması sahəsində apardığı institusional qiymətləndirmənin nəticələri müzakirə olunub. Beynəlxalq təcrübə əsasında yol infrastrukturunun idarə edilməsi, saxlanılması və maliyyələşdirilməsi istiqamətində mövcud yanaşmalar nəzərdən keçirilib, preventiv aktiv idarəetmə modelinə keçidin, milli standartların müasirləşdirilməsinin, rəqəmsallaşmanın və məlumat əsaslı qərarqəbuletmə sistemlərinin tətbiqinin əhəmiyyəti vurğulanıb.

Tərəflər institusional potensialın və maliyyə dayanıqlılığının gücləndirilməsi, yol fondunun formalaşdırılması, ödənişli yol şəbəkəsinin genişləndirilməsi və özəl sektorun iştirakının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Dünya Bankı gələcəkdə institusional islahatları və infrastruktur layihələrini əhatə edən çoxmərhələli proqram çərçivəsində dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşün sonunda əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.