2025-ci ilin ilk altı ayında Türkiyəyə gələn turistlərin sayı artıb

Mədəniyyət və Turizm Nazirliyi 2025-ci ilin iyun ayı və ilin ilk altı aylıq dövrü üzrə ziyarətçi statistikasını açıqlayıb.
Resorting.az-ın Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbərinə görə, 2025-ci ilin ilk altı ayında Türkiyəyə gələn ziyarətçilərin sayı 0,96% artaraq 26 milyon 388 min nəfər olub. Bu dövrdə Türkiyəni ziyarət edənlərin 21 milyon 399 mini əcnəbi turistlər, 4 milyon 989 mini isə xaricdə yaşayan Türkiyə vətəndaşları olub.
2025-ci ilin iyun ayında Türkiyəyə gələn əcnəbi ziyarətçilərin sayı 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 0,01% artaraq 6 milyon 834 min nəfər təşkil edib.
İyun ayında Türkiyəyə ən çox turist göndərən ölkələr arasında 887 min nəfərlə Rusiya Federasiyası birinci yerdə olub. Rusiyadan sonra 683 min nəfərlə Almaniya, 537 minlə Böyük Britaniya, 285 minlə Polşa və 248 minlə Bolqarıstan gəlir.
Bu ilin ilk 6 ayı ərzində də Türkiyəyə ən çox turist göndərən ölkələrin siyahısında 2 milyon 609 min nəfərlə Rusiya birinci olub. Onu 2 milyon 423 minlə Almaniya, 1 milyon 752 minlə Böyük Britaniya, 1 milyon 359 minlə İran və 1 milyon 249 minlə Bolqarıstan izləyib.